“Halal" kolbasası haramdır?
“Qafqaz Müsəlmanları İdarəsinin halallıq vermək səlahiyyəti yoxdur”
Eyyub Hüseynov: "Halal” nişanlı kolbasa-sosiskaları satmaq birmənalı olaraq istehlakçıları aldatmaqdır»
Telekanallarda nümayiş etdirilən reklamlar arasında “Sab” kolbasalarının çarxı çoxlarının diqqətini çəkir. Çünki bu reklamda bildirilir ki, “Sab”ın məhsulları halaldır, onun halallığına Qafqaz Müsəlmanları İdarəsi zəmanət verib. Eyni zamanda «Sab» sirkətinin kolbasa ve sosiskalarının üzərində "Qafqaz Müsəlmanları İdarəsi təminat verir - halal” sözləri yazılıb. Həqiqətənmi, həmin ət məhsulları şəriətə uyğun hazırlanıb və halaldır?
Maraqlıdır, ruhanı idarəsi bir məhsulun halallığına necə zəmanət verir? Bunu hansı texniki və s. üsullarla gerçəkləşdirir? Biz bu məsələni aydınlaşdırmaq üçün kiçik bir araşdırma apardıq. Nəticələrlə tanış olub özünüz qərar verin.
Halallığın şərti
Çoxlarının “kolbasanın tərkibində donuz əti yoxdursa, halaldır” kimi sadəlövhcəsinə fikirləşməsinə baxmayaraq, halallıq islamda çox ciddi və konkret məna daşıyır. Başlıcası heyvan üzü qibləyə, Allahın adı çağırılmaqla kəsliməlidir. Heyvanlar boğulmamalı, elektrik cərəyanı ilə, küt alətlə və ya maşın kimi ağır bir şeylə vurulub öldürülməməlidir. Suda boğulan, bir yerdən yıxılaraq ölən heyvanın əti halal sayılmır. Belə heyvanlar müsəlmanlar, yəhudilər və xristianlardan başqası tərəfindən kəsilərsə, yenə halal olmaz. Onlar Allahın adı anılmadan kəsilərsə, yenə halal olmaz. Bütün bunlar şərtdir. Yoxsa yalnız donuz qatqısının olmaması kolbasanın halallığına kifayət etməz.
Allahşükür Paşazadənin işçiləri “Sab” kolbasasından yeyir
Biz məsələni aydınlaşdırmaq üçün QMİ-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, istər ətin kəsilməsi, istər o məhsulların hazırlanması prosesində iştirak edən adamların təmizliyi şübhə doğurası deyil: ”Bizim idarənin əməkdaşları bu şirkətin kolbasa-sosiska hazırlığına və yerinə xüsusi nəzarət edir”. Mətbuat xidmətinin əməkdaşı olan xanım KİV-in bu mövzuya dönə-dönə qayıtmasından təəccübünü də gizlətmədi: ”Burda qəribə nə var ki? “Sab”ın kolbasaları halaldı. Mən özüm onlardan istifadə edirəm. Bu məhsulları yeyəndə dadından bilinir ki, təmiz və halaldırlar”. Ruhani idarəsinin məlumatına görə, “Sab” Azərbaycanda QMİ-i tərəfindən halalıq zəmanəti olan kolbasa məhsuludur. İdarənin sözçüsü deyir ki, onda zəmanət istəyi rədd edilən hansısa şirkətlə baglı informasiya yoxdur. Eyni zamanda xanım əməkdaş işə yeni başladığına görə QMİ-nin zəmanətini almağın prosedurları barədə məlumat verə bilmədi.
“Sab” ətin çoxunu Hindistandan alır
Ruhani idarəsinin əminliyinə baxmayaraq, “Sab” kolbasalarının halallıgı barədə qaranlıq məqamlar yox deyil. Məsələn, adiçəkilən kolbasanın istehsalçısı “Zəhmət-Ruzi” şirkətidir.
Ötənlərdə şirkətin direktor müavini Elşən Abdullayev «Azərisilam» saytına reklam xarakterli müsahibə verib. Ondan bir parçaya diqqət yetirək:
- Deyilənə görə, əti Hindistandan alırsınız...
- Bir qismini ��" təxminən 50-60%. O da mövsümdən asılıdır. Yəni bəzən təchizetmə ilə bağlı gecikmələr olur, məcbur olub yerli ət alırıq. Hazırda ətin 30-35%-ni yerli bazardan alırıq.
Amma bu günlərdə mətbuatdan da izlədiyimizə görə, deyəsən, Hindistandan gələn ətlərlə bağlı bəzi problemlər var. Müxtəlif çıxışlar da səslənib bu barədə. Lakin qeyd etmək istəyirəm ki, görünür, onların Hindistandan bizim necə ət almağımızdan xəbərləri yoxdur. Şükür Allaha, müsəlman olduğumuz üçün İslam qayda-qanunlarına əməl edirik. Dörd şirkət adı çəkə bilərəm ki, onlarla işləyirik: «Sebako», «Premyera», «Allana» və «Alnur». Bunlar Hindistandakı müsəlman şirkətləridir və heyvanları İslam qaydalarına uyğun kəsirlər. Oraya nümayəndələrimiz gedib baxış da keçiriblər”.
Müsahibədən göründüyü kimi, QMİ-nin Hindistanda heyvanların necə kəsilməsinə heç bir nəzarəti yoxdur. Bunu idarənin əməkdaşı da etiraf etdi. Bu isə azı kolbasa hazırlanan xam məhsulun 60-nin şübhə altına düşməsi deməkdir.
Şirkət rəhbəri müsahibəsində donuz əti vurulmadan kolbasa hazırlamağı mümkün sayıb. Onun sözlərinə görə, hətta Sovetlər vaxtında da donuz əti olmayan kolbasalar istehsal olunub.
Buyurun baxın: (QOST 23670) ,(QOST 23670) QOST 23670 .QOST 16290: ”donuz kolbasa məmulatlarına xüsusi dad, əsasən kərə yağına bənzər dad verməklə yağlılıq yükünü daşıyır. Biz də həmin dadı təmiz kərə, bitki yağları ilə əvəz etmişik”.
Haram “Halal" kolbasası???
Azad İstehlakçılar Birliyi (AİB) isə bəzi işbazların son illər insanların dini hisslərindən faydalanaraq çirkli yolla pul qazandığını üzə çıxarıb. Birliyin rəhbəri Eyyub Hüseynovun fikrincə, “Halal” nişanlı kolbasa-sosiskaları satmaq birmənalı olaraq istehlakçıları aldatmaqdır: “Mən Cənubi Afrikada, Mərkəzi Avropa ölkələrində dükanların qarşısında «halal» yazaraq müsəlmanların cəlb olunması hallarını görmüşəm. Lakin o dükanlarda xidmət göstərən insanların müsəlman olduqlarının da şahidiyəm. Azərbaycanda “Halal” adı altında 10-a qədər kolbasa və sosiska növü satılır. Bunların içində ancaq bir firma “Halal” nişanını Standartlaşdırma və Patent Agentliyində təsdiq etdirib. Lakin onlar özləri etiraf edirlər ki, məhsulları heç də halal deyil. Sadəcə olaraq, marka “Halal”dır. Müəyyən edilib ki, Macarıstan və bir sıra başqa ölkələrdən gətirilən hinduşka kolbasalarının üzərinə də “Halal” yazılır. Hətta iş o yerə gəlib çatıb ki, “Hacı Turqayın zəmanəti ilə” guya halal mal buraxılır".
Cənab Hüseynov deyir ki, “Yeyinti məhsulları haqqında” qanunun tələblərinə görə, istehlakçılara yönəlmiş bu cür şüarlarla müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan mal satılmamalıdır. Qafqaz Müsəlmanları İdarəsi isə icra hakimiyyəti orqanı olmadığından onun zəmanət verməsi kobud qanun pozuntusudur.
/Bizim yol/

