Müsəlmanlar həqiqi İslama döndükləri zaman İnkişaf və İrəliləyişi təmin edəcəklər
Allaha həmd olsun. İslam Allahın dinidir və insanların qurtuluşu üçün vasitədir. İslam tarixinə baxsanız görərsiniz ki, İslamı qəbul edən millətlər bu dinlə şərəfləndikdən sonra sürətlə inkişafa keçmiş, cəhalətin zülmətindən sıyrılaraq elmi, mədəni, siyasi, iqtisadi sahələrdə böyük irəliləyişlərə nail olmuşlar. Yadınıza salın ərəbləri ki, səhranın dərinliklərində unudulmuş, bəşəriyyətə heç bir töhvə verməyən, bütün sivilizasiyalardan uzaq qalmış yarımvəhşi bir topluluq idi. İslamın gəlməsi ilə 25-30 il içərisində bu xalq Hindistandan tutmuş İspaniyaya qədər bütün dünyanın elm və mədəniyyət müəllimləri oldular. Tarixin sonrakı dövrlərində İslamı digər xalqlar da qəbul etdi. Bu xalqlar da İslama gəlmələri ilə izzət və şərəf tapıb tövhidsizliyin gətirdiyi cəhalət girdabından qurtuldular.
Onlar da elmi, mədəni siyasi sahədə böyük irəliləyişlər əldə etdilər. Müsəlmanların tarixində yer alan dünyanın elm və mədəniyyətinə böyük töhfələr vermiş şəxsiyyətlər İslamın bu xalqların həyatında hansı əhəmiyyətə malik olduğunu bir daha sübut etməkdədir.
Bir zamanlara həqiqətən bu gün elm və tərəqqinin vətəni sayılan Avropa qaranlıqlar içərisində sürünməkdə, İslam aləmi isə özünün bütün sahələrdə çiçəklənmiş zamanlarını yaşayırdı. O zamanlar Avropa bundan daha xristian, Şərq isə bu günkündən daha müsəlman idi. Tək bircə bu həqiqət göstərir ki, hər hansı bir durğunluğa səbəb bizim dini kimliyimiz deyildir. Əksinə tarix sübut edir ki, müsəlmanlar İslama daha yaxşı sarıldıqları zaman, onu həyatlarına daha yaxşı tətbiq etdikləri zaman daha irəli getmiş, daha böyük nailiyyətlərə imza atmışlar.
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-İmran 103)
Ancaq bu gün müsəlmanlar parçalanma, gerilik, təhsilsizlik içərisindədirlər. Bəzi İslamı və müsəlmanları tanımayanlar bu geriliyə İslamı səbəb göstərmək istəyirlər. Halbuki, yuxarıda da qeyd etdik ki, necə ki, Avropanın irəliyə getməsi xristianlığa görə deyil, eləcə də müsəlmanların da geri qalması islama görə deyildir.
Ancaq ümumilikdə Avropa irəliləməsi ilə şərq geriləməsinin iki əhəmiyyətli səbəbi var ki, bunlara təmas etməliyik. Bunlardan biri obyektiv səbəbdir. Yəni bilindiyi kimi müstəmləkəçilik və ondan doğan quldarlıq siyasəti uzun müddət davam etdi. Xristian Avropa müstəmləkə altına aldığı torpaqların bütün sərvətlərini talan edərək imperiya mərkəzinə daşıyırdı. Eyni zamanda istila etdiyi ölkələrdən xalqları müftə işçi qüvvəsi kimi işlədir, eyni zamanda bu torpaqlardan qula çevirdiyi azad insanların da müftə əməyini mənimsənməkdə idi.
Müsəlman fəthlərindən fərqli olaraq xristian istilaları yerli xalqlara bəla və müsibətlər gətirir, istilaçıları isə sürətlə varlandırırdı. Belə bir inkişaf xəttinə siz heç bir qüdrətli müsəlman ölkəsinin tarixində rast gələ bilməzsiniz. Avropa imperializmi bu məqsədlərini əsasən o zamanlar (15-ci əsr) Hindistanda həyata keçirirdi. Hindistanı daha asan istismar etmək üçün oraya dəniz yolu açmaq istədilər və bu zaman yeni torpaqları, yəni Amerikanı kəşf etdilər. Amerika da təbii sərvətlərlə çox zəngin idi. Avropalılar burada yerli xalqları genosid edərək onların mədəniyyətlərini məhv etdilər. Sağ qalanlarını isə qul kimi plantasiyalarda çalışdırırdılar.
Eyni zamanda buraya Afrikadakı müstəmləkələrindən qul halına gətirdikləri qara dərililəri burada da plantasiyalarda işlətdilər. Beləcə Avropanın inkişafına ilk təməl olaraq müftə iş qüvvəsi və işğal olunmuş torpaqlardan əldə etdikləri sərvətlər əhəmiyyətli rol oynadı. Bir neçə on illikdən sonra Avropada güclü sərvət toplandı. Bu əvvəlcə manufaktura əməyinə keçməklə, bundan sonra isə buxar inqilabı ilə nəticələndi.
İkinci səbəb isə müsəlmanların özündən asılı olan, yəni subyektiv səbəbdir. Yuxarıda zikr etdiyimiz Qərbdəki proseslər Şərqdə getmədi. Əksinə İslam dünyasında əsasən İslamı səhv anlama və anlatma, dini müəyyən zümrələrin mənafeyinə uyğun halda izah etmə prosesi getdi.
Hətta İslam düşüncəsini daim canlı tutan ictihad anlayışına son qoyuldu. Beləcə müsəlmanlar bütün fikri hərəkətliliklərdən uzaqlaşdırılıb bir qrup din adamının ağzına baxacaq hala gətirildilər. Bu da öz növbəsində müsəlman cəmiyyətlərdə durğunluq yaratdı. Beləcə müsəlmanlar dinlərinin əsas prinsiplərinə deyil müəyyən adamların məhdud din anlayışlarına tabe oldular. Bu isə yavaş-yavaş kütlələrin dinin əsas ruhundan uzaqlaşmasına gətirib çıxardı. Bunun nəticəsi isə kütləvi savadsızlıq və geriləmə oldu.
Əlhəmdulilləh ki, bu gün müsəlmanlar artıq özlərinə dönməkdədirlər. Bu proses ağrılı getsə də davam edir. Müsəlmanlar həqiqi İslama döndükləri zaman inkişaf və irəliləyişi təmin edəcəklər. Avropa dəyərləri ilə müsəlman toplumları islah etmə nəzəriyyəsi son iki yüz ildə özünü doğrultmadı. Qərb dəyərləri müsəlmanlara ancaq səfalət, əxlaqsızlıq, istibdad, qanlı diktaturalar, torpaqlarının itirilməsi, gerilik və səfalət gətirdi. Həqiqi İslami dəyərlərə dönüş müsəlman xalqları bu bəlalardan xilas edəcəkdir.
azerimuslims.com

