Namaz qılan cəmiyyət
Namaz-İmanla küfür arasında bir pərdə. Namaz-Nəfsin və şeytanın zülmətini yaran nur. Namaz-dirilmə və var olma. Namaz-ilk fərz olan ibadət. Namaz-Qul olmanın təntənəsi. Namaz-İlahi nizamın ruh və bədəndə eyni zamanda əksi.Namaz-insan yığınını cəmiyyətə, camaata çevirən amil.Ümumiyyətlə namazı bir məqalədə, hətta bir kitabda izah etmək çox çətindir. Çünki, namaz Allaha aiddir, onun əmridir. Allahın isə elmini dənizlər mürəkkəb, meşələr qələm olsa belə yazıb qurtarmaq imkansızdır.
Boynumuza alaq ki, namazı həqiqəti ilə anlamayan bir cəmiyyətdə yaşayırıq. Bəlkə də bu yerdə “həqiqəti ilə anlamaq” sözü bizimçün bir qədər gülməlidir. Axı biz həqiqətini bilmək o yana qalsın, ümumiyyətlə namazsız toplumuq.
Bizdə namaz qılanlar qəribdir, çünki, namazın özü qəribdir. Bizdə namaz qılanlar “vəhhabidir”, “molladır”, “nurçudur”, “sufidir” hətta “terroristdir”... Onlar çoxdan bu cəmiyyətin bir hissəsi deyil. Bu cəmiyyət onları beləcə adlandırmış və “digərləri” halına gətirmişdir. Dediyimə sübutmu istəyirsiniz? Qoyun, deyim: saqqalını uzatmış (lap elə şalvarını da qısaltmış) bir vətəndaş sizcə rahat bir ofisdə işləyə bilirmi? Və yaxud təsəttürlü bacılar... Kimlərsə məni papulizmdə günahlandıra bilər, ancaq bunun heçdə belə olmadığını sübut edə bilməz.
Nə isə, sözü uzatmayaq, Mövzumuz namaz qılan cəmiyyətdir. Siz bunu sadəcə gündə beş dəfə məscidlərinin dolub boşaldığı müsəlman məntəqəsi olaraq zənn etməyin (hərçənd ki, bunun özü də böyük fəzilətlərdəndir).
Namazlı cəmiyyət, yəni namazın ruh verdiyi, dinamikliyini ibadətdən alan bir insan toplumu.... Baxın, Allahın kitabı bu cəmiyyətin mənəvi xəritəsini gözlərimiz önünə sərməkdədir. O cəmiyyətdə “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Tövbə 71)
Bəli, o cəmiyyətdə mömin kişilər və qadınlar bir-birinin hayanıdır, bir-birini nəfsi üçün istismar edənlər deyil. Bir-birlərinin heyvani partnyoru olmayıb bir-birilərini tamamlayan Allahın iki ayələridir.Bu cəmiyyətin kişi və qadınları mərufu əmr edərlər. “Məruf” bilinən deməkdir. Yəni yaxşı olduğunu bütün insanlığın bildiyi və qəbul etdiyi xeyir əməllərdir.”Münkər”dən isə çəkindirərlər. Münkər yəni inkar edilən sevilməyən əməllərdir. Bütün normal ağıl sahibi insanların inkar etdiyi, pis olmasında ittifaq etdiyi işlərdir (bəli İslam fitrət dinidir). “Əmr bil məruf nəhy anil münkər” bu cəmiyyətin həyat düsturudur. Yəni insanları sevərlər, digərlərini də sevgi və mərhəmətə çağırarlar. Adil olarlar, digərlərini də ədalətə səsləyərlər. Aldatmazlar, digərlərini də yalan və saxtakarlıqdan uzaqlaşdırarlar.Namaz qılarlar, Allahla heç zaman bağlarını qoparmazlar. Və zəkat verərlər. Yığdıqları mal və mülkü heyvan kimi tək yeməzlər. Hər zaman onda kasıbların haqqı olduğunu düşünər və heç bir minnət qoymadan sahibinə verərlər. Allahdan qorxarlar.
Və əbəttə ki, onlara Allah Rəhm edəcəkdir. Toplumlarından bərəkətini əsirgəməyəcəkdir, düşmənlərinə qarşı onlara güc verəcəkdir, torpaqlarına geri döndərəcəkdir.Namazsız cəmiyyətdə isə bunlar olmayacaq. Çünki namazsız “insan həqiqətən, (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar.” (Məaric19-21) Siz deyin, belə bir haləti-ruhiyyədə olan insanın qurduğu cəmiyyət abad olarmı? Orada nizam və rifah, hüzur olarmı?
Və Allah-təala iflah olan namaz cəmiyyətini bir daha tərif edir: “Namaz qılanlar istisnadır! O kəslər ki, daim namaz qılarlar; O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır - dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;.... O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər; O kəslər ki, düzgün şəhadət verərlər Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər” (Məaric 22-33)
Ayələrdə cəm halı istifadə edilməkdədir. Demək ki, söhbət təkcə fərddən deyil, eyni zamanda bütün toplumdan gedir.Soruşa bilərsiniz ki, ta məqaləmizin əvvəlindən biz niyə müsəlman cəmiyyətini namaz qılan cəmiyyət adlandırdıq? Əvvəla Qur`anda möminləır topluluğunun namaz ayrılmaz vəsfidir. Eyni zamanda Rəsulullah (s) müsəlman fərdlə küfr arasında namazın dayandığını bildirmişdi. Cəmiyyəti də təşkil edən fərdlərdir.
Və müsəlman toplumların da dinsizləşmə yolunda ilk itirdikləri namazları olmuşdur.Bir müsəlman fikir adamı belə deyir: “Namazı haqqı ilə əda etmək cəmiyyəti qorumaq və dövləti qurmaq deməkdir”Namazın içərisində Qur`an vardır, yəni namazda quran oxuyuruq. Qur`an şəxsi əxlaqımıza yön verdiyi kimi ictimayi həyatımıza da işıq tutmaqdadır. Namazı haqqı ilə qılmaq təkcə onu tədili-ərkanınna uymaq demək deyil. Eyni zamanda orada oxuduğun ayələri həyatına tətbiq etməkdir. Yuxarıdakı mütəfəkkirin kəlamını da belə anlamaq gərəkməkdədir.
Namaz qılan cəmiyyətə doğru....!
Mənbə:azerimuslims.com
