Mobil telefonunun zəngini dinlət, sənin kim olduğunu deyim
“Bir dəfə zikr və duanın fəziləti barəsindən danışan məscid imamının xütbəsinə diqqətlə qulaq asırdıq. Birdən cərgəmizdəki bir gəncin mobil telefonunun səsi imamın xütbəsinə qarışdı. Müğənni qız oxuyurdu: “Gödək yubkalı qızlar gənclərə xoşdur...”Ola bilsin ki, hökm sürən sakitlik telefonun səsinin gur çıxmasına, ətrafdakı namaz qılanların nəzərlərinin ona çevrilməsinə səbəb olmuşdu. Qarma-qarışıqlıqdan telefonun sahibi “bu lənətə gəlmişi” şalvarının hansı cibinə qoyduğunu unutmuşdu. Odur ki, sağa-sola axtarırdı. Telefonun melodiyası isə davam edirdi: “Onun qarış yarımlıq yubkası...”. Necə də utandırıcı səhnə idi. Şübhəsiz, o gənc bu zaman xəcalətindən dolayı yerin ayrılıb onu udmasını arzulayırdı.
Bizdə - Mavritaniyada belə bir qədim xalq deyimi var: “Dostunu mənə göstər sənin kim olduğunu deyim”. İndi isə bu deyim belə bir forma alıb: “Mobil telefonunun zəngini dinlət, sənin kim olduğunu deyim”. Həqiqətən də Quran ayələri və dualardan tutmuş qəribə mahnı və səslərə qədər hər bir zəng növü telefon sahibinin kimliyini, şəxsi maraqlarını və hətta psixoloji xəstəliyini belə öyrənməyə insana kömək edir. Əgər avtobusda səninlə yanaşı oturmuş birisinin telefonunun zəngi sakit və ciddidirsə, bil ki, o, sakit təbiətli, məsuliyyətli adamdır. Telefonunun zəngi hər hansı bir dua olan adam çox güman ki, dini dəyərlərə əməl edəndir. Telefonun səsi yuxarıdakı gəncdə olduğu kimidirsə, onda izaha ehtiyac yoxdur.
Elə gənclər də vardır ki, telefonları üçün qəribə zənglər, məsələn, itlərin hürüşməsini, ulaqların anqırtısını seçirlər. Ötən müddət ərzində zənglər arasında məşhur olan “Crazy frog”( dəlisov qurbağa) zəngi barəsində, yəqin ki, əksərimiz eşitmişik. Bu zəngi icad edən ingiltərəli gənc onun dünyada yayılmasından külli miqdarda pul əldə etmişdi. Bəlkə də o, heç təxmin etməmişdi ki, dünyada onun “qurbağası” üçün ölən tapılar!!!
Ekspertlərin yeni iqtisadi araşdırmaları bu ilin sonuna qədər mobil telefon abonentlərinin sayının 3, 6 milyarda – dünya əhalisinin yarısına çatacağından xəbər verir. Bu genişlənmənin rabitə şirkətlərinə gətirdiyi gəliri təxmin etmək çox çətindir. Biz mobil telefonların hədsiz əhəmiyyətini və rabitədəki asanlaşdırıcı rolunu inkar etmirik. Ancaq eyni zamanda mobil telefonların qarşısı alınmaz mənfi yönləri də vardır.
Ərəb dünyasında biz meyvənin özünü yeyir, çəyirdəyini isə başqalarına atırıq. Bizdəki rabitə şirkətlərinin vaxtaşırı elan etdikləri təkliflərinə nəzər salsaq görərik ki, onlar daha çox yeni zəng melodiyalarının, mahnıların daha gözəl olmasına diqqət yetirir. Halbuki Qərb ölkələrində bu kimi şirkətlər iqtisadi inkişafa – banklararası münasibətlərin asanlaşdırılması, xidmət elanlarının verilməsi, birja xəbərlərinin verilməsi işinə təkan verir.
Ötən aylar ərzində Məkkədə İslam Konfransı Təşkilatının Ali Fitva Şurasının toplantısı keçirildi. Toplantının çağırılmasına səbəb ayın görünməsi məsələsində İslam dövlətləri arasındakı fikir ayrılığı problemini həll etmək (yeri gəlmişkən, biz Qurban bayramını müxtəlif dörd gündə qeyd etdik) deyil, “Quran ayələrindən mobil telefonların zəngi kimi istifadə etmək olarmı?” məsələsini araşdırmaq idi. Təfsilatlı müzakirələrə baxmayaraq, alimlərimiz bu işə icazə verilib-verilməməsinə dair qəti fikrə gələ bilmədilər. Allah bizi islah etsin! Deyin: Amin!”
Mənbə:azerimuslims.com
