Namaz qılmayan adamın şəfaətçisi olmayacaq
Uca Allah Qurani-Kərimdə belə buyurur: “Möminlər günahkarlar barəsində soruşacaqlar: Sizi Cəhənnəmə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesab gününü yalan hesab edərdik ölüm yəqinliyi bizə gələnə qədər". Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz.” (Müddəsir, 40-48)
Uca Allah bu ayədə Cəhənnəm əhlinin şəfaətdən məhrum olmalarını dörd səbəblə əlaqələndirdi:
1. Namaz qılmadıqları üçün
2. Kasıbları yedizdirmədikləri üçün
3. Kafirlərlə oturub-durduqları üçün
4. Hesab günün yəni Axirəti yalan saydıqları üçün
Bəzi kimsələr namaz qılmayanları kafir deyil, böyük günah sahibləri sinfinə aid edirlər. Görünür bu söü söyləyən insanlar imanın nə olduğunu qavramayan kimsələrdir. Əgər namaz qılmamağ böyük günah olsaydı, onda bu kimsələr şəfaətdən məhrum olmamalı idilər. Lakin Uca Allah yuxarıdakı ayədə namaz qılmayanları şəfaətdən məhrum qalacağlarını bildirir. Hər bir müsəlman da bilir ki, Rəsulullahın (s.a.s) şəfaəti ümmətindən böyük günah sahibləri üçün olacaq. Yəni böyük günah işləyənə Rəsulullah (s.a.s) şəfaət edəcəkdir. Deməli namaz qılmayanlar kafir sinfinə aiddir. Məhz buna görə də Rəsulullahın (s.a.s) şəfaətindən məhrum qalacaqlar.
Başqa bir ayədə Allah (s.t) belə buyurur: “Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı? Sizə nə olub, necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz? Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır? Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır? Onlardan soruş ki, kim buna zamin duracaqdır? Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər. Baldırın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular. Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik. Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.”(Qələm, 35-45)
Uca Allah dünyada ikən ona səcdə etməyənləri yuxarıdakı ayədə kafir olaraq vəsf edir. Namaz qılmayan və səcdə etməyən bir insan hər nə qədər özünə müsəlman desə də bu onu müsəlman etmir. Çünki müsəlman olan adam namaz qılar və Allaha səcdə edər.
Digər bir ayədə Uca Allah belə buyurur: “Kafirlərə deyiləcək: "Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız! O gün Qiyaməti yalan sayanların vay halına! Onlara: "Rüku edin!"– deyildiyi zaman rüku etməzlər. O gün haqqı yalan sayanların vay halına! Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?” (Mürsələt,46-50)
Uca Allah bu ayədə rüku etməyənləri kafir olaraq vəsf edir. Namaz qılan bir kəs, Allaha həm səcdə edir həm də ki, ruku edir. Namaz qılmayan bir kəs isə bunları etmir və kafirlərdən olur. Çünki Uca Allah ona səcdə və ruku etməyənləri kafir adlandırır.
Başqa bir ayədə Allah (s.t) belə buyurur: “Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: "Cəhənnəmin tamını dadın!"– deyiləcəkdir.” (Qəmər, 47-48)

