Qəbrləri necə ziyarət etmək olar
Peyğəmbərimiz Məhəmməd əleyhissəlam qəbir üstünə getməyi tövsiyə etmiş və belə buyurmuşdur:Qəbirləri ziyarət edin, bu, sizə Axirəti xatırladar.( İbn Macə, Sünən, Cənaiz, 47.)
Qəbir və türbələri ziyarət edərkən İslamın əsl məğzi, eləcə də tövhid anlayışı ilə ziddiyyət təşkil edən, etiqad baxımından zərərli olan davranış və tutumlardan uzaq durmaq lazımdır.Çünki dinimizdə qəbirlərin ziyarət edilməsiylə əlaqədar bəzi prinsiplər vardır. Bu prinsiplərə əsasən qəbir ziyarəti məsələsində aşağıdakı hallara qətiyyən yol verməmək lazımdır:
1 – Türbələrdəki ölüləri fövqəlbəşər varlıqlar hesab etmək və onlar haqqında: “Bu şəxslər Allahın sevimli bəndələridir. Allah onların sözünü qəbul edər və xətirlərinə dəyməz”, - deyib onları Allahla özləri arasında vasitəçi etməyə çalışmaq;
2 – Qəbir üstünə getməyi dini bir borc kimi qəbul etmək;
3 – Qəbirlərə əski parçası və qatma bağlamaq, orada şam yandırmaq;
4 – Türbə, pir və qəbirlərdə yatan ölülərə nəzir etmək;
5 – Orada qurban kəsmək;
6 – Konfet, şəkər və bunlara oxşar şeylər paylayıb kömək diləmək;
7 – Qəbir üstündə ucadan ağlayıb səs-küy salmaq;
8 – Qəbirlərin ətrafındakı dəmir və daşları öpmək, onları qucaqlayıb ağlamaq.
Belə şeylər tövhid dini olan İslamın hökmlərinə heç cür uyğun gəlməyən şeylərdir. Ölülərdən nəsə ummaq və onlardan bir şey gözləmək şirk, başqa sözlə, Allaha şərik qoşmaqdır. Şirk isə Allah Təalanın heç vaxt bağışlamayacağını bildirdiyi yeganə günahdır. Qurani-Kərimdə bu barədə belə deyilir:
Allah Ona şərik qoşulmasını əsla bağışlamaz, onun xaricindəkiləri (günahları) istədiyi şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, doğru yoldan tamamilə çıxar(Nisa, 4/116).
Qəbir üstünə gedib ölüləri ziyarət edən insan axirəti yada salmalı, dünyanın müvəqqəti olduğunu və bir gün özünün də öləcəyini fikirləşməlidir.
muselmanlar.com
